Azərbaycan şeirinin tarixi təcrübəsi əsasında: təfilə funksional təhlil müstəvisində. Elmi red. Ə. Hüseynli; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. — Bakı: Elm və təhsil, 2023. — 165 s.
Təfilə ilə bağlı nəzəri-poetik, praktik və eyni zamanda metodoloji-metodik fikirlərini yekunlaşdırarkən, müəllifin problemlə əlaqədar açar mahiyyəti daşıyan qənaətləri də diqqət mərkəzinə çəkilməlidir. Onlar isə Məmməd Əliyevin izahında aşağıdakı kimi təsnif olunmuşdur. Və muəllifin həmin qənaətləri nə az, nə çox, düz 35 bənddə ümumiləşdirilmişdir. Bunları eksklüziv olaraq aşağıdakı kimi təqdim edib, sistemləşdirmək mümkündür: hər bir təfilənin elmi transkripsiyasının nəzərə alınması, hər təfilənin elmi oxunuşunun (evfoniyasının) Əkrəm Cəfərin tərtib etdiyi qaydalara uyğun öyrənilməsi, sözün (ərəb və fars dillərində) düzgün və ləngimədən oxunması, şeirdəki ikiqat uzunhecalı sözləri müəyyən edib, onu adi hecaya çevirmək bacarığı, şeirin qəlibini müəyyənləşdirib, ona düzgün təqt vermək ustalığı, əsərin oxunuşuna hazırlaşarkən, onun bəhrlərinin adının lüğəvi mənasına diqqət yetirilməsi, misranın oxu gedişinin sürətinin təmin edilməsi, oxu prosesində səsi qəlibin ritminə kökləyə bilmə, ahəng ritm bacarığına malik olmaq, özündən əvvəlki təcrübəyə söykənmək, əruz vəznli şeirin ölçüsünün düzgün təmin edilməsi və qəlibin düzgün oxunuşu, misraları təfilələr üzrə düzgün bölüşdürmək, əruzu bir elm kimi dərk edib, onun müəyyən elmi prinsiplərə söykəndiyini nəzərdən qaçırmamaq, milli əruz təfilələrininin heca quruluşuna dilimizin fonetik prinsiplərini nəzərə almaqla yanaşmaq, misralarda yer almış hecalardakı kəmiyyət göstəricilərini yox, keyfiyyət göstəricilərini əsas kimi götürmək, qəlibdə təfilələrin birləşməsinin bir-birinə uyğun şəkildə sıralanmasına diqqət yetirmək, misranın qəlibin ahənginə doğru meyillənməsini nəzərə almaq, təfilələrin bir-birindən fərqli cəhətlərini aşkar etmək, təfilələrin qəliblərdəki iştirakında onların öz müstəqilliyinin saxlanmasına diqqət yetirmək, onlar arasındakı əlaqələrin dinamik xüsusiyyətini nəzərə almaq, bölümlərdəki qəbul edilmiş imla vahidi və vəzn vahidinin tətbiqinə yiyələnmək və i.a. və s. məsələlərin ortaya çəkilməsi Məmməd Əliyevin Şərq poetikasının elementlərinə mahiyyətcə bələd olmasını sübut etməkdədir.